Əsas səhifə Haqqımızda Tədris Xəbərlər Tədbirlər Nikah Muzey Orxideya evi Foto Video Əlaqə Turlar SİMPOZİUM





Azərbaycanda gimnastikanın yaranma və inkişaf tarixi ötən əsrin 40-cı illərinə təsadüf edir. Bu idman növünün qısa müddət ərzində populyarlıq qazanması təşkilatçılığa təkan vermiş və 1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası təsis edilmişdir. 1994-cü ildə isə artıq müstəqil Azərbaycanda Gimnastika Federasiyası yaranmış, elə həmin il Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə, iki il sonra isə Avropa Gimnastika İttifaqının tərkibinə daxil oldu. 2002-ci ilin 7 oktyabr tarixi Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulması və ölkənin birinci xanımı Mehriban Əliyevanın federasiyaya prezident seçilməsi ilə yadda qaldı. Yenilənmiş federasiya bədii gimnastika, akrobatika gimnastikası, tamblinq və kişi idman gimnastikasını özündə ehtiva edirdi. 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları Azərbaycanda daha üç gimnastika növünün – qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikasının – inkişafına təkan verdi. Bütün bu inkişaf bizi elə bir məqama çatdırdı ki, idmançılarımız ilk dəfə olaraq dünyada gimnastika bayramı kimi tanınan, 2015-ci ildə Finlandiyanın Helsinki şəhərində keçirilən Gimnastradaya qatıldılar. Bununla da qeyri-yarış növü olan “gimnastika hamı üçün” növünün əsası qoyuldu. Beləliklə, bu gün artıq Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətinə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan bütün 7 gimnastika növləri daxildir. Gimnastikanın bütün bölgələrdə inkişaf etdirməkdən ötrü hər bir bölgədə gimnastika zalları təşkil olunur. Onlardan biri də Zirə Mədəniyyət Mərkəzi Eko-Parkdadır. Gimnastika zalı idman və bədii gimnastika təlimləri üçün nəzərdə tutulur. Azərbaycan gimnastika federasiyası tərəfindən müvafiq avadanlıqlarla təchiz olunub.