Xalça Muzeyi
Zirə Mədəniyyət Mərkəzi – Eko Park 2015-ci il 30 dekabr tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, İDEA ictimai birliyinin prezidenti Leyla xanım Əliyevanın birgə iştirakı ilə açılmışdır.
Zirə Mədəniyyət Mərkəzi Eko-Park Zirə qəsəbəsində Bakı – Pirallahı yolu üzərində inşa edilmişdir. Mərkəz 2006-cı il 15 iyun tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın Zirə qəsəbəsinə ilk dəfə qədəm basdıqları bir ərazidə salınıb.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Xəzər rayonundan deputat seçildiyi vaxtdan – 2005-ci ildən bu günə qədər Xəzər rayonu üzrə, xüsusən də Zirə qəsəbəsində bir çox layihələr və yenidənqurma işləri həyata keçirilmişdir.
Zirə Mədəniyyət Mərkəzi – Eko Park unikal bir layihədir. Burada Fotostudiya, Art-studiya, Elektron kitabxana, İDEA – yaşıl otaq, Şahmat otağı, Xarici dillər (ingilis,fransız və rus dilləri) kabineti, Moda Studiya, Gimnastika zalı, Zirə Xalça muzeyi və Xalçaçılıq tədris mərkəzi fəaliyyət göstərir.
Zirə Xalça Muzeyi xüsusi muzey formatında yaradılıb. Xalça muzeyində 150 ildən artıq yaşı olan Azərbaycan tarixi üçün əhəmiyyətli eksponatlar: Bakı, Quba, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Naxçıxan, İrəvan və Təbriz məktəblərinin əsrlərdən bəri yaranmış, yaşadılmış xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xalça və kilimlərin asılma sistemi avtomatikdir. Muzey xüsusi elektron tanıtım sistemi ilə təchiz olunmuşdur. Burada hər bir xalça haqqında azərbaycan və ingilis dillərində tam məlumat verilir.
Xalçaçılıq Tədris Mərkəzi Zirə Mədəniyyət Mərkəzində Xalça Muzeyinin tərkibində Xalçaçılıq Tədris Mərkəzi fəaliyyət göstərir. Tədris Mərkəzində azərbaycan xalçaları, xalçaçılıq tarixi, naxışların sirri haqda praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edirlər. Praktik dərslərdə xalçanın toxunuş texnologiyası, nəzəri dərslərdə isə qədim Azərbaycan xalçaçılıq sənətinin tarixi və incəlikləri tədris edilir. Tədris mərkəzi üçün xüsusi xanalar hazırlanmışdır. Xalçaçılıqda istifadə olunan ip, əriş, ərqac, bıçaq, həvə, qayçı və s. ləvazimatlarla təchiz olunub. Nəzəri dərslərin daha səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan Xalçaçılığı və tarixi haqda audio və video materiallar, kitablar, kataloqlar, və jurnallarla təmin olunmuşdur. Bu məqsədlə otaqda kompyuter və monitor qurulub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizləri və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı fəaliyyət göstərir.