Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda “Nizami Gəncəvi XXI əsr” adlı simpozium keçirilmişdir
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 Yanvar 2021-ci il sərəncamına əsasən, bu il ərzində bir çox beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Zirə Mədəniyyət Mərkəzi Eko-Park İctimai Birliyi bu ilə öz töhfəsini vermək istəmişdir. Bu ilin iyul ayından başlayaraq, “Nizami Gəncəvi XXI əsr” adlı simpoziumun ayrılmaz hissələri olaraq davamlı tematik görüşlər, seminar, konsert təşkil olunmuşdur.
Heydər Əliyev Fondu və AzərEnerjinin dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Kapital Bankın sponsorluğu, Azərbaycan Dövlət Televiziyasının media-dəstəyi ilə 16.12.2021-ci il tarixində simpoziumun kulminasiya nöqtəsi olaraq sərginin açılışı baş tutmuşdur.
Sərgini salamlama nitqi ilə yazıçı-publisist, Yazıçılar İttifaqının katibi İlqar Fəfmi açmışdır. İlk öncə qonaqları salamlayan yazıçı, Zirə Mədəniyyət Mərkəzində “Nizami İli” çərçivəsində görülmüş işlərdən, keçirilmiş tədbirlərdən danışdı.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, öz çıxışında Nizami irsinin qorunub saxlanmasına dövlət tərəfindən verilən dəyərdən söz açaraq, gənclərin mənəviyyatının düzgün formalaşdırılmasında Nizami yaradıcılığının əvəzolunmaz bir qaynaq olduğunu qeyd etmişdir.
Milli Məclisin deputatı, mədəniyyət komitəsinin sədri, Qənirə xanım Paşayeva, ilk öncə, ümumilikdə Xəzər rayonunda və Zirə qəsəbəsində millət vəkili olaraq çox işlər görmüş, Zirə Mədəniyyət Mərkəzi kimi bir məkanın yaranmasında müstəsna rolu olmuş H. Ə. Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin, dünyaya tanıdılması və təbliğində H. Əliyev Fondunun rolunu vurğulamışdır. Millət vəkili, Nizami Gəncəvi ilə fəxr etməsinin səbəbini, dahi şairin hələ XII əsrdə qadına olan münasibətinin yalnız əsərlərində deyil, həm də şəxsi həyatında da fərqli olduğunu, qadının kişiyə tən olduğunu, qadın ağlına, qadın gücünə inamını təbliğ etməsi olduğunu vurğulamışdır.
Şair-qəzəlxan Arif Buzovnalı Nizami irsinin təbliğindən söz açaraq, müasir dövrümüzdə də şənc şairlərin dəfələrlə bu böyük dühaya müraciət etdiklərini nəzərə çatdırmışdır.
bugünkü dünyada Nizami yaradıcılığına baxış bucağını nəzərdən keçirərək,
Mədəniyyət nazirinin I müavini Elnur Əliyev öz çıxışında Nizami Gəncəvinin gözəlliyə özünəməxsus baxış bucağından söz açaraq, bu gözəlliyin zahiri yox, batini olduğunu, bu gözəlliyin daima inkişaf edərək ideallaşmasının mümkünlüyünü diqqətə çatdırmışdır. Tanrının verdiyi gözəllikdə insan əməyinin olmadığını qeyd edən natiq, geniş mənada gözəlliyin insan şəxsiyyətinin inkişafında, paklıqda, haqqı verməkdə, dürüstlükdə olmasının Nizami əsərlərində öz əksini geniş tapmasını bur daha vurğulamışdır.
Xəzər rayonundan Milli Məclisinin VI çağırış üzvü Soltan Məmmədov qonaqları salamlayaraq, tədbirin ərsəyə gəlməsində birbaşa rolu olan Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinə, təşəkkür etmişdir. Nizami Gəncəvi yaradıcılığının dövrümüzdə təbliğinin vacibliyindən danışmışdır.
Sonda, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov çıxış edərək Nizami yaradıcılğının incəliklərindən söz açmış, bu dühanın irsinin hələ də öyrənildiyini qeyd etmişdir.
Rəsmi hissədən sonra qonaqlar sərgiyə dəvət olunmuşlar. Mərkəz, Nizami dövrünə uyğun dizayn olunmuş, fonda Nizami Gəncəvi əsərlərinə müraciət olunmuş musiqi parçaları səslənmişdir. Bədii hissədə aktyorlar “Xəmsə” motivlərindən bəhrələnmiş səhnələri əks etdirən qısa parçalar ifa etmişlər. Xalq artisti Alim Qasımov Nizami əsərlərinə müraciət olunmuş müğam ifa etmiş, “Yeddi Gözəl” baletindən parça təqdim olunmuş, prezident mükafatçısı solist Fərid Əliyev “Sənsiz” romansını ifa etmiş, kvartet tərəfindən “Sevgili canan” romansı, F. Əmirovun “Nizami” baletindən parça, “Cəngavərlərin döyüş rəqsi” izləyicilərin diqqətinə çatdırılmışdır.
Bədii hissədən sonra iştirakçıların mükafatlandırma mərasimi olmuşdur.
Sonda qonaqlar xatirə lövhəsinə öz xoş arzularını yazdılar.