Zirə Mədəniyyət Mərkəzi və Eko-parkın açılışı.
2015-ci il 30 dekabr tarixində Heydər Əliyev Fondunun yeni layihəsi – Zirə Mədəniyyət Mərkəzi və Eko-parkın açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak etdilər. Cənab İlham Əliyev, Mehriban xanım və Leyla xanım binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsdilər. Dövlətimizin başçısı, xanımı və qızı Leyla Əliyeva ilə birgə Zirə Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış oldular. Heydər Əliyev Fondunun Bakının Zirə qəsəbəsində həyata keçirdiyi bu layihənin möhtəşəmliyi ilə diqqəti cəlb etməsi və son illərdə ölkədə icra olunan ən orijinal layihələrdən biri olması nəzərə çatdırıldı. Bu nadir məkanın qəsəbədə yaradılması isə onun əhəmiyyətini daha da artırması yerli sakinlər, xüsusilə də gənclər üçün cəlbedici olması, qəsəbənin sosial-mədəni inkişafında mühüm rol oynayacağı xüsusi qeyd edildi. Bu layihə Heydər Əliyev Fondunun regional inkişaf konsepsiyasında önəmli yer tutur.