Bakı Xalçaları. Yeni çeşnilər
4 Aprel tarixində Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın daha bir layihəsi uğurla ictimaiyyətə təqdim olundu. Təqdimat Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində keçirilmişdir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə layihəsi olaraq reallaşan bu sərgidə “Bakı xalçaları. Yeni çeşnilər” kitabının da təqdimatı keçirilmişdir. Tədbirdə həmçinin, Heydər Əliyev Fondu tərəfindən Xalça Muzeyinə hədiyyə olunan Qarabağın XVII əsrə aid “Xətai” xalçasının da təqdimatı olmuşdur.
Sərgidə Bakı kəndlərinın tarixi memarlığını, məşğuliyyəti, ənənələrini özündə əks etdirən hər biri kənd adına olmaqla 29 yeni çeşni və xalça nümaiş edilmişdir.
Sərgini çıxış sözü ilə açan Xalça Muzeyinin direktoru Şirin Məlikova bu layihənin Respublikanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçdiyini xüsusi vurğulamışdır. Şirin xanım qeyd etmişdir ki, Zirə Mədəniyyət Mərkəzi – Eko-Park tərəfindən həyata keçirilən bu layihə çərçivəsində Bakı qrupuna aid 29 ədəd xalça çeşnisi hazırlanmış və bu çeşnilər əsasında xalçalar toxunmuşdur. Görkəmli sənətşünas və xalça mütəxəssislərinin iştirakı ilə “Bakı Xalçaları. Yeni Çeşnilər ” adlı kitab hazırlanmışdır. Kitabda Bakı kəndlərinin tətbiqi sənət tarixi, klassik sənətkarlıq ənənləri, Bakı xalçaçılıq qrupu və yeni yaradılan çeşnilər barəsində məlumatlar verilmişdir. Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradıldığını qeyd edərək, Ş. Məlikova burada Zirə Xalça Muzeyi, Xalça Tədrisi və Xalçaçılıq Müəssisəsinin də fəaliyyət göstərdiyini bildirmiş, Azərbaycan Xalçaçılıq ənənlərinin qədimliyindən söz açaraq, müasir dövrümüzdə bu sahəyə göstərilən diqqətin zəifləməyərək daha da gücləndiyini, inkişaf etdirildiyini qeyd etmişdir. Xalça Muzeyinin ekspozisiyasının daha bir XVII əsr “Xətaili” Qarabağ xalçası ilə zənginləşdiyini nəzərə çatdıran Şirin xanım, bu xalçanın “Christi” hərrac evindən Heydər Əliyev Fondu tərəfindən alındığını, bu sahədə göstərilən dəstəyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.
Sərgidə çıxış edən Mədəniyyət və Turuzm naziri Əbülfəz Qarayev ölkənin mədəni həyatında əldə olunan uğurlardan söz açaraq xalçaçılıq sənətimizin dünyada geniş təbliğ edildiyini nəzərə çatdırmış, Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın “Bakı xalçaları. Yeni çeşnilər” layihəsinin də bu sahəyə böyük töhfələr verəcəyini bildirmişdir.
Sərgi ilə tanışlıq zamanı Zirə Xalça Müəssisəsinin 2016-cı ildən fəaliyyətə başladığı, müəssisədə əsasən Bakı qrupu xalçaçılıq ənənələrinə əsaslanan klassik və müasir çeşnili xalçalarların toxunduğu diqqətə çatdırılmışdır. Yeni çeşnilərin hazırlıq prossesində xalçaçı-rəssamlar tərəfindən Bakı kəndlərinin tarixi, etnoqrafiyası araşdırılıb, tarixçi-etnoqraflar, təcrübəli xalçaçılar, kənd ağsaqqalları ilə görüşlər keçirilmişdir. Bakı qrupu xalçalarının klssik kompozisiyaları, naxışsalma və rəng ənənləri nəzərə alınmış, Bakı kəndləri adına yeni rəmzi işarələr, obrazlar işlənmişdir. Hər bir xalça çeşnisinin kompozisiyası müəyyən Bakı kəndinin yaşam tərzi, memarlıq abidələrinin xalça naxışı elementlərinə çevrilməsilə yaradılmışdır ki, bu da öz növbəsində Axərbaycan xalçaçılıq ənənələrinin zənginliyi deməkdir.
Sərgidə millət vəkilləri, siyasi və ictimai xadimlər, elm, incəsənət və mədəniyyət xadimləri, sənətşünaslar, xalçaçı rəssamlar, kənd ağsaqqalları və s. iştirak etmişlər.
“Bakı Xalçaları. Yeni çeşnilər” sərgisi Xalça Muzeyində 15 aprel tarixinədək davam edəcək.
20 aprel tarixindən etibarən “Bakı xalçaları. Yeni çeşnilər” Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın Xalça Muzeyində sərgilənəcək.