Zirə Mədəniyyət Mərkəzi EKO-PARK'da fototur.
9 may 2016-cı il tarixində Zirə Mədəniyyət Mərkəzi EKO-PARK gənc, həvəskar və peşəkar fotoqraflar üçün ödənişsiz Fototur təşkil etmişdir.
İnfotur zamanı Zirə Mədəniyyət Mərkəzi və Eko Park ərazisində yaradılan şərait, insanlara təqdim olunan xidmətlər haqqında məlumatlar verilmiş, burada fotoqrafların maraqlarına uyğun olaraq xüsusi yaradılmış fotostudiya, mərkəz və park ərazisində yaradılan təbii landşaf, bağ sahələri, köşklər, quş parkı, uşaqlar üçün attraksionlar, toy, ad günü və digər bu kimi xidmətlərin təşkili üçün Orxideya Evi, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zirə Qeydiyyat Bölməsinin xidmətləri haqqında informasiyalar verilmişdir.
Müxtəlif fotosesiyalar, bəy-gəlin çəkilişləri, nigah və toy mərasimləri kimi çəkilişlər üçün olduqca unikal məkan olan Zirə Mədəniyyət Mərkəzinin təqdim etdiyi xidmətləri gün ərzində xüsusi təşkil olunmuş nəqliyyat, tur rəhbəri və çəkilişlərə imkan yaratmaqla fotoqrafların marağına səbəb olmuşdur.
Daha sonra Orxideya Evində çay süfrəsi ətrafında davam edən fototurda çəkilən fotolardan müsabiqə elan olunmuşdur. Qaliblər Azərbaycan Fotoqrafları Birliyinin hər ay keçirdiyi “Açıq qapı” günü elan olunacaq və Zirə Mədəniyyət Mərkəzi Eko Park ilə birlikdə təyin olunmuş qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Fototurda 30-dan çox gənc və peşəkar fotoqrafın iştirakı ilə Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin üzvləri ilə yüksək şəkildə təşkil edilmiş, son olaraq Zirə Mədəniyyət Mərkəzinin qarşısında xatirə şəkili çəkilmişdir.